Mayın 28-də vəfat edən ehtiyatda olan general-mayor Dadaş Rzayev İkinci Şəhidlər xiyabanında son mənzilə yola salınıb.

"Unikal" xəbər verir ki, dəfn mərasimində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi və Müdafiə Nazirliyinin digər rəhbər heyəti, mərhumun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ehtiram ənənələrinə uyğun olaraq hərbi orkestrin müşayiətilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, D.Rzayev son mənzilə yola salınıb, məzarı üzərinə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı əbədi xatirə kimi saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib.

Mərasimdə D.Rzayevin həyat və xidmət yolu haqqında danışılıb. Qeyd olunub ki, o vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif orden və medallara layiq görülüb.

***00:59

Azərbaycan Respublikasının sabiq müdafiə naziri Dadaş Rzayev uzun sürən xəstəlikdən sonra vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Dadaş Qərib oğlu Rzayev 22 dekabr 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli kəndində anadan olub. 20 fevral 1993 – 17 iyun 1993-cü il tarixlərində müdafiə naziri postunu tutub. General-mayor rütbəli D.Rzayev Azərbaycan Respublikası Veteranlar Şurasının sədri idi. Uzun zaman idi ki, xəstəliyi ilə əlaqədar aktiv fəaliyyət göstərmirdi.