Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Raziyə Rzayevanın müəllifi olduğu 44 günlük Vətən müharibəsi şəhidi Dadaşzadə Kənan Elman oğlunun əziz xatirəsinə həsr olunmuş “Kənan-Həsrətli Dünyam” adlı kitabın təqdimat mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Yasamal rayonu ərazisində Şəhidlərin Xatirə Kompleksi ziyarət edilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən müharibəsi şəhidi Kənan Dadaşzadənin əziz xatirəsinə həsr edilən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildiriblər ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq: “Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı mərd oğullarımızın şücaəti sayəsində müzəffər xalq kimi yaşayır.

2023-cü ilin 19-20 sentyabr tarixlərindəki lokal xarakterli antiterror tədbirləri və həmin ilin 15 oktyabr tarixində isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızın dalğalandırılması tarixi qələbələrimizin davamı oldu. Bu yolda şəhid Kənan Dadaşzadənin timsalında canından və qanından keçən cəmi şəhidlərimizin ruhu qarşında baş əyirik”.

“Kənan-Həsrətli Dünyam” adlı kitabın müəllifi olan Raziyə Rzayeva çıxış edərək 44 günlük Vətən müharibəsində qəhrəman hərbçilərimizin rəşadətindən və şəhid Kənan Dadaşzadənin əziz xatirəsinə həsr olunmuş “Kənan-Həsrətli Dünyam” adlı kitabın necə ərsəyə gəlməsindən bəhs edib.

Şəhidin anası Şəkurə Feyziyeva və döyüş yoldaşı, qazi Ramin Şirinov Kənan Dadaşzadə ilə bağlı xatirələrini bölüşüb, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından danışıblar.

Tədbir Vətən müharibəsi şəhidi Kənan Dadaşzadənin məzun olduğu 52 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında bədii hissə ilə davam edib.

Daha sonra “Kənan-Həsrətli Dünyam” adlı kitab iştirakçılara təqdim olunub.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Dadaşzadə Kənan Elman oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, şəhadətindən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!