1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür. Uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.

"Unikal" xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin məlumatına görə, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə uşaqların müdafiəsi, sosial təminat və reabilitasiya sistemi ilə əhatə olunmaları, uşaq qayğı sisteminin inkişafı istiqamətində də tədbirlərin ildən-ilə güclənməsinə imkan verir.

Cəmiyyətimizin həssas qrupu olan uşaqların müdafiəsi və inkişafı çərçivəsində yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının qorunması da daim diqqət mərkəzindədir.  Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təmin olunmasına Ədliyyə Nazirliyi tərəfindən xüsusi diqqət göstərilir. Belə ki, nazir Fərid Əhmədov qadınların və yeniyetmə məhkumların cəza çəkdikləri penitensiar müəssisələrə baş çəkib, onlarla görüşüb, saxlanma şəraiti ilə tanış olub, öz tövsiyə və tapşırıqlarını verib.

Hər il olduğu kimi, bu il də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən bayram tədbiri keçirilib. 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü çərçivəsində cəza çəkən məhkum qadınların övladları ilə görüşü təşkil olunub.

Tədbirdə Ədliyyə naziri Fərid Əhmədovun təbriki oxunub. Tədbir iştirakçıları tərəfindən bu günün əhəmiyyəti, eləcə də ölkəmizdə qeyd olunması və həyata keçirilən işlər barədə çıxışlar edilib.

Tədbir konsert proqramı ilə davam edib, məhkumların ifasında mahnılar dinlənilib, rəqslər edilib. Animasiya qəhrəmanlarının iştirakı ilə uşaqlara musiqili şoular təqdim olunub, əyləncə attraksionları təşkil edilib.

Bayram şənliyi böyük maraq və sevinc hissi ilə qarşılanıb.