Üzərində Ukrayna bayrağı və "ZSU" yazısı olan köynəkdə Rusiya küçələri ilə gəzən azərbaycanlı deportasiya edilib və cərimələnib.
"Unikal" xəbər verir ki, bu barədə Həştərxan məhkəməsi qərar çıxarıb.
Həştərxanın Sovetski Rayon Məhkəməsi Cəlal Qalib oğlu Əlizadəyə qarşı Rusiya ordusunu “diskreditasiya” maddəsi ilə (İnzibati Məcəllənin 20.3.3-cü maddəsinin 1-ci hissəsi) 30 min rubl məbləğində cərimə ilə bağlı qərar çıxarıb.
Təhlükəsizlik qüvvələri hesab edir ki, bu yolla həmin şəxs “Rusiya ordusuna və ordunun davranışına inamı sarsıdıb”.
Həmin gün məhkəmə onun ölkədən çıxarılması və müvəqqəti saxlanma təcridxanasına salınması barədə qərar çıxarıb. Əlizadə özü gedə biləcəyini desə də, məhkəmə məcburi deportasiyada israr edib.