Qərb Rusiya Federasiyasının sərhədləri yaxınlığında yeni gərginlik ocağı yaratmaq üçün oktyabr ayına kimi Gürcüstanda yeni “Maydan” ssenarisini həyata keçirməyə çalışır.
"Unikal" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Qərb dövlətlərinin Gürcüstanda vəziyyəti gərginləşdirmək cəhdlərini oktyabrda keçirilməsi planlaşdırılan parlament seçkiləri kontekstində görürük. Biz istisna etmirik ki, məqsəd Rusiya sərhədləri yaxınlığında növbəti gərginlik ocağı yaratmaq gözləntiləri ilə hakimiyyət dəyişikliyinin “Maydan” ssenarisini həyata keçirməkdir", - diplomat bildirib.
Onun sözlərinə görə, ABŞ və Aİ ölkələri bir çox suveren dövlətlərə təzyiq göstərirlər: "Bu dəfə qərblilər Gürcüstanla orada xarici təsirin şəffaflığı haqqında qanunun müzakirəsi ilə bağlı qərar veriblər, baxmayaraq ki, ABŞ və dünyanın digər ölkələrində bu mövzuda daha sərt normalar artıq müzakirə olunaraq müəyyən edilib və ya mövcuddur".
Qaluzin həmçinin Litva, Estoniya və İslandiya xarici işlər nazirlərinin mayın ortalarında Tbilisidə keçirilən küçə nümayişlərində iştirakına diqqət çəkib: "Bunu müstəqil dövlətin daxili işlərinə açıq-aşkar müdaxilədən başqa bir şey kimi xarakterizə etmək çətindir. Bütün bunlar suverenliyini məhdudlaşdırmağa çalışdıqları ölkələrə öz iradələrini tətbiq etmək üçün neokolonial təcrübələrin iyrənc nümunələridir".
Ağarza Elçinoğlu