"Nə? Harada? Nə vaxt?" şousunun keçmiş oyunçusu Rövşən Əsgərov barədə cinayət işi açıla bilər.
"Unikal" TASS-a istinadən xəbər verir ki, o, xarici agentlər haqqında qanunu pozmaqda ittiham edilir.
“Əsgərov Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməkdən yayındığına görə cinayət işi ilə üzləşir (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi). Cinayət işi açılsa, o, iki il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq”, - deyə agentliyin həmsöhbəti bildirib.
Əsgərov 2022-ci ilin dekabrında xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də araşdırılır. İstintaq müəyyən edib ki, o, öz "Facebook" səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib. Təqsirləndirilən şəxs federal axtarışdadır.