UNEC və SƏS Media Qrupunun birgə təşkilatçılığı ilə 15 İyun- Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

UNEC  rektoru, professor Ədalət Muradov tədbirin açılışında çıxış edərək, Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki yerindən söz açıb, Ulu Öndərin Azərbaycanın tarixini dəyişən şəxsiyyətlərdən olduğunu bildirib: “1993-cü il iyunun 15-də Ulu Öndərin Ali Məclisin sədri seçilməsi ilə Azərbaycanın gələcək inkişafını müəyyən edən əsasların təməli qoyuldu. Məhz bu düşünülmüş, mütərəqqi və möhkəm əsaslar müstəqil Azərbaycanın bundan sonrakı uğurlu gələcəyini təmin etdi. Əsası Ulu Öndər tərəfindən qoyulmuş strategiyanın reallaşması nəticəsində biz ən güclü və xoşbəxt dövlətlərdən birini qura bildik. Ulu Öndərin görmək istədiyi suveren və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanı ölkə Prezidenti cənab İlham Əliyev bizə bəxş etdi”.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov Ulu Öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu şanlı tarixdən söz açıb. Ulu Öndərin xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə gəlişi nəticəsində ölkəmizin həyatında yeni bir inkişaf mərhələsinin başlandığını, xalqımızın qurtuluş yoluna qədəm qoyduğunu bildirib.

Məşhur 91-lərdən olan YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov isə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb. O, Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti, müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulduğunu, onun atdığı addımların, qoyduğu güclü təməlin nəticəsində bu gün xalqımızın müstəqil və suveren dövlətdə xoşbəxt həyat sürdüyünü vurğulayıb.

Sonra SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək, 15 iyun tarixinin Azərbaycan dövlətçiliyi tarixindəki dönüş nöqtəsindən danışıb. B.Quliyev keçdiyimiz bu şanlı tarixin hər zaman yazılarımızda, bədii ədəbiyyatda və filmlərdə canlandırılmalı olduğunu diqqətə çatdıraraq, təqdim olunan filmin 15 iyun – Milli Qurtuluş Gününə qədərki və sonrakı dövrü əhatə etdyini bildirib.

Çıxışlardan sonra SƏS Media Qrupu tərəfindən 15 iyun Milli Qurtuluş Gününə həsr edilmiş “Xalqın taleyini dəyişən zəfər günü” filminin təqdimatı keçirilib.