Bu ilin yanvar-may ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2 min 934 nəfər cəlb edilib.
"Unikal"ın məlumatına görə, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının yaydığı xəbərdə deyilir.
Bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilənlərdən 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 226 nəfər, 26-29 yaşadək 467 nəfər, 30 yaş və ondan yuxarı isə 2 min 240 nəfər təşkil edir.
“Həmin şəxslərdən 2 min 843-ü kişi, 91-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 31 nəfəri xarici ölkə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 99 kq 593,615 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb”, - məlumatda deyilir.
Komissiyanın təhlilinmə əsasən, ötən ilin yanvar-may ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 160, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 316, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 42, digər növ cinayət faktların sayı 25, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 30 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 937 kq 288,501 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 389 nəfər azalıb.