Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanması ilə bağlı ikili fikirlər səsləndirir. Belə ki, o bir müddət əvvəl qeyd etmişdi ki, Ermənistanın yeni konstitusiyaya ehtiyacı var və bundan sonra sülh müqaviləsinin imzalanması ilə bağlı addımlar atıla bilər. Ötən gün isə açıqlamasında bir ay ərzində Azərbaycanla sülh müqaviləsinin imzalamağa hazır olduqlarını bildirib. Paşinyan həmçinin vurğulayıb ki, sülh müqaviləsinin hazırki mətni yetərlidir.
Paşinyanın bu açıqlamanı verdiyi gün, yəni dünən saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Bu məqamda Paşinyanın yenidən ikili mövqe sərgilədiyi ilə bağlı fikirlər formalaşıb.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, indiki mərhələdə söhbət çərçivə sülh sazişindən gedir:
“Bu, qısa bir sənəddir. Onun məzmunu bundan ibarət olacaq ki, orada müxtəlif prinsiplər sadalanır və müxtəlif tezislər qeyd olunur. Yekun sülh sazişi isə bir neçə ildən sonra imzalana bilər. Səbəb isə ondan ibarətdir ki, yekun sülh sazişinin imzalanması üçün bəzi praktiki məsələlər öz həllini tapmalıdır. Yəni, sərhədlərin müəyyən edilməsi, kommunikasiyaların bərpa edilməsi, hüquqi məsələlərin həll olunması və s. Biz bu fərqi yaxşı başa düşməliyik.
Hüquqi məsələlərin öz həllini tapması üçün Ermənistanın konstitusiyasında dəyişiklik edilməlidir. Bu barədə məsələlər çərçivə sülh sazişində öz əksini tapacaq. Onun icrası isə daha sonra baş verəcək, çünki bunun üçün referendum və digər proseslər həyata keçirilməlidir.
Ötən gün atəşkəs pozulub, həmçinin məlum olduğu kimi, hazırda Ermənistanda gərginlik mövcuddur. Bu proseslər məndə belə bir təəssürat yaradır ki, Ermənistan iqtidarı cəmiyyətdə olan gərginlik və nümayişlərdən istifadə edərək beynəlxalq qurumlara mesaj vermək istəyir ki, onlar heç bir kompromisə gedən deyillər. Ermənilər ən azından belə bir təəssürat yaratmaq istəyirlər. Yəni, Paşinyan bu etirazlardan öz xeyrinə istifadə edir”, - deyə o qeyd edib.
Sabiq nazir Paşinyanın bir ay ərzində sülh müqaviləsini imzalamağa hazır olduğuna dair verdiyi açıqlama ilə bağlı da öz fikirlərini bölüşüb:
“Biz başa düşməliyik ki, sülh prosesinin yekunlaşması üçün 3 ayrı sənəd imzalanmalıdır. Bunlardan birincisi üçtərəfi bəyanat oldu. Orada isə yalnız hərbi-texniki məsələlər qeyd olunurdu. Həmin bəyanatda siyasi məsələlər demək olar ki, öz əksini tapmamışdı.
İndi isə digər siyasi məsələlər həll olunmalıdır. Misal olaraq, sərhədlərin delimitasiyası və demarkasiyası. Bu proses aylar, bəlkə də, illərlə davam edə bilər. Məsələn, Çinlə Sovet ittifaqı arasında delimitasiya prosesi 70 il çəkdi. Həmçinin, bizim Gürcüstanla delimitasiya və demarkasiya prosesi hələ də davam edir.
Ona görə də, ilkin imzalanacaq sənəddə bir siyasi çərçivə müəyyən ediləcək ki, onun daxilində danışıqlar aparılsın. Ermənilər həmişə çalışıblar ki, çərçivə sülh müqaviləsini müxtəlif mövzularla həddindən artıq yükləsinlər və onun imzalanması mümkün olmasın. Yəni, çalışırlar ki, müxtəlif siyasi oyunlar vasitəsilə öz maraqlarını sülh müqaviləsinə daxil etsinlər. Bunun üçün ilk növbədə etirazları istifadə edirlər. Naxçıvanda atəşkəsin pozulmasının da bu addımlardan biri olduğunu istisna etmirəm”.
Murad İbrahimli