Azərbaycan xalqı bu il Qurban bayramını torpaqlarımızın işğaldan azad olunmasının və dövlət suverenliyimizin tam bərpasının doğurduğu Qələbə ovqatı ilə qeyd edir.

"Unikal" xəbər verir ki, milli-mənəvi dəyərləri və ənənələri yaşadaraq böyük ruh yüksəkliyi ilə qeyd edilən Qurban bayramı günlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aparatının regional bölmələri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Agentlik tərəfindən aidiyyəti qurumlarla birgə 16-17 iyun tarixlərini əhatə edən Qurban bayramı günlərində işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Ağdərə rayonunun Talış kəndlərində, həmçinin ilk dəfə olaraq Şuşa, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların kəsimi və satışı təşkil edilib. Həmin ərazilərdə quraşdırılan müasir tələblərə cavab verən səyyar heyvan kəsimi çadırlarında qurbanlıq heyvanların kəsimi və satışı baytarlıq nəzarəti altında həyata keçirilir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları da fəaliyyət göstərir. 
Qeyd edək ki, bu il ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.