Britaniyanın ən zəngin ailəsinin üzvləri İsveçrədəki villalarında xadimələri istismar etməkdə təqsirli bilinərək  həbs cəzasına məhkum ediliblər.

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb .

Ailə başçısı 78 yaşlı Prakaş Hinduca və həyat yoldaşı Kamala 4,5 il, oğlu Ajay və gəlini Namrata isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ailəyə zərərçəkənlərə 850 min İsveçrə frankı (950,7 min dollar) məbləğində təzminat ödəməsi və 270 min (301,9 min dollar) məbləğində məhkəmə xərclərinin ödənilməsi tapşırılıb. Onların biznes meneceri Nəcib Ziyazi 18 aylıq şərti həbs cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxslər prosesdə iştirak etməyiblər, vəkilləri qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Hinduca ailəsinin üzvləri, nəşrin yazdığı kimi, xadimələrinin pasportlarını müsadirə edib, onlara rupi ilə maaş verib, icazəsiz evdən çıxmalarını qadağan ediblərmiş. Həmçinin,  cüzi bir haqq müqabilində onları iş vaxtından artıq işləməyə də məcbur ediblər. Prokurorun bildirdiyinə görə, bəzi işçilərin əmək haqqı ölkə qanunvericiliyində nəzərdə tutulmuş məbləğin 10 faizindən çox olmayıb.