Türkiyə Ordusu Üçüncü Dünya Müharibəsinə hazır olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr yerli KİV-ə bildirib.
"Heç kim, xüsusən də ölkəmiz Üçüncü Dünya Müharibəsi kimi qaranlıq mənzərəni istəmir, ancaq qeyd etmək lazımdır ki, Ordumuz hər cür ssenariyə hazırdır", - məlumatda deyilir.
Nazirlik mənbələri xarici işlər naziri Hakan Fidanın üçüncü dünya müharibəsi ehtimalının diqqətdən kənarda qalmaması ilə bağlı açıqlamaları ilə bağlı suallara belə deyib: "Birinci və ikinci dünya müharibələrində olduğu kimi hərtərəfli riskin olub-olmadığını soruşsanız, bu, əlbəttə ki, mümkündür. Milli Müdafiə Nazirliyi olaraq müdafiə və təhlükəsizliyimizlə bağlı qiymətləndirmələrimizi edir və yeni qiymətləndirmələr işığında yenilənməsi lazım olan bütün planlarımızı edirik. Rahatlıqla deyə bilərik ki, biz ən hazırlıqlı ölkələrdən biriyik. TSK artıq dinamik bir ordudur. Biz bir çox coğrafiyada davamlı fəaliyyət göstərən, öz planlarını və logistikasını sınaqdan keçirmiş və təsdiq etmiş bir orduyuq".
Milli Müdafiə Nazirliyindəki mənbələr FETÖ ilə mübarizənin həssaslıqla davam etdiyini də qeyd edib: "Bu mübarizə yeni məlumatlar və sənədlər işığında davam edir. Bu davamlı bir proses olduğundan, kəşfiyyat bölmələri məlumat və sənədlərin haradan gəldiyini qiymətləndirdikdən sonra tədbir görürlər".
Ağarza Elçinoğlu