Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrinin təntənəli “Məzun Günü” keçirilib. Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil edilən mərasimdə universitet rəhbərliyi, akademik heyət, rəsmi qonaqlar, məzunlar onların valideynləri iştirak ediblər. 

"Unikal" xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Buraxılış mərasimində çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova iştirakçıları salamlayıb, 2023/2024-cü tədris ilində universiteti bitirən məzunların statistikasını açıqlayıb və onların ölkəmizin tikinti-quruculuq işlərinə, xüsusilə azad edilmiş ərazilərimizin dirçəldilməsi işinə verəcəkləri töhfəyə diqqət çəkib: “Başa vurduğumuz tədris ilində AzMİU-dan 2 mindən çox tələbə məzun olur. Onlardan 12 nəfəri (3 bakalavr və 9 magistr) universitetimizi fərqlənmə diplomu ilə bitirir. AzMİU-da ümumilikdə bakalavriatura səviyyəsində 27 ixtisas üzrə tədris aparılır. Bu il 3 yeni ixtisas – Nəqliyyat mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi və Sənaye mühəndisliyi ixtisasları üzrə də buraxılışımız oldu. Bu ixtisaslar üzrə cəmi 80 tələbə bu gün məzun adı qazanır. Əlbəttə ki, ölkəmizdə aparılan geniş quruculuq işləri hamımızı sevindirir. Azərbaycan inkişaf edir, güclənir. Bu gün AzMİU-dan məzun edəcəyimiz gənclərin bu işlərə böyük töhfə verəcəkləri şübhəsizdir. Onların hər birinin müasir, yaradıcı, bütün yeniliklərə açıq, dünyada gedən proseslərə bələd olan gənc mütəxəssislər kimi azad edilmiş ərazilərimizin dirçəldilməsi işinə də dəstək göstərəcəyinə əminəm”.

Rektor çıxışında 2023/2024-cü tədris ilində əldə olunan uğurlara da diqqət çəkib: “Universitetimiz üçün bu il yaddaqalan hadisələrlə zəngin il oldu. Tələbatı nəzərə alaraq dizayn ixtisasını Memarlıq fakültəsindən ayırdıq və ayrıca bir fakültəyə çevrildi. Xarici universitetlərlə həyata keçirilən ikili diplom proqramları çərçivəsində yeni uğurlar əldə olundu. İngiltərənin qabaqcıl ali təhsil müəssisəsi olan Vestminister Universiteti ilə ikili diplom müqaviləsi imzalandı və bununla bu cür proqramlarımızın sayı 6-ya çatdı. Yeri gəlmişkən qeyd edim ki, aktiv ikili diplom müqavilələrinin sayının artırılması üzrə sistemli iş aparırıq. İlin ən yaddaqalan hadisəsi universitetin 4 ixtisası üzrə beynəlxalq akkreditasiyanın əldə edilməsi oldu. İnşaat mühəndisliyi ixtisası üzrə həm bakalavriatura, həm də magistratura, Nəqliyyat tikintisi ixtisası üzrə isə bakalavriatura səviyyəsində  Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyinin (İAAR) akkreditasiyasını əldə etdik. Bununla yanaşı, memarlıq ixtisasımız nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) ikinci dəfə 5 illik akkreditasiyasından keçərək uğurunu yenilədi. Əlbəttə ki, bu, universitetimizlə yanaşı, ölkəmiz üçün də böyük nailiyyətdir, məzunlarımız üçün sərhədsiz iş imkanıdır”. 

Rektor sonda məzunlara müraciət ünvanlayıb: “Əziz məzunlar! Müasir dünyada elm sürətlə inkişaf edir, hər gün mühüm bir yeniliyin şahidi oluruq. Bütün bunlar siz gənclər üçün böyük imkanlar yaradır. Müasir dövrün yeniliklərini dərindən mənimsəmək günümüzün tələbinə çevrilib. Fəal və cəsarətli olmaq, əldə etdiyiniz bilikləri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə yeni ideyaları ortaya qoyaraq onları reallaşdırmaq sizin əlinizdədir. Cənab Prezidentimiz İlham Əliyev bizi inamlı addımlarla daha gözəl gələcəyə aparır və bu yolda sizin kimi parlaq, savadlı, cəsur və vətənpərvər gənclərə arxalanır. Hər biriniz dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumalı, ölkəmizin daha da inkişaf etməsinə və güclənməsinə çalışmalısınız. Əminəm ki, bu gündən etibarən verdiyiniz bütün qərarların, atdığınız hər bir addımın əsasını xoş niyyət, xeyirxahlıq və ədalət təşkil edəcək. Bir daha məzun günü münasibətilə sizləri təbrik edir, gələcək işlərinizdə nailiyyətlər arzulayıram. Yolunuz açıq olsun!”

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri Bəxtiyar Əliyev, Hicran Hüseynova, Aydın Mirzəzadə, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi professor Səbinə Hacıyeva, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin icraçı direktoru Övsət Həmidov, Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri professor Elbay Qasımzadə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi rəisinin birinci müavini Akif Abdullayev, “Bakı Metropoliteni” QSC-in Təlim-tədris Mərkəzinin rəisi Rüfət Qədəşov, Türkiyənin məşhur “PROYAPI” Mühəndislik və Müşavirlik şirkətinin İdarə Heyəti rəhbərinin müavini Akif Aygen, "Turquoise” MMC-nin Baş direktoru Ali İhsan Genç və digərləri çıxışlarında məzunları təbrik edib, onlara dəyərli tövsiyələr verib, peşəkar karyera yolunda uğurlar diləyiblər.  

Çıxışlardan sonra rektor və mərasimin fəxri qonaqları AzMİU-nun müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomlarını təqdim ediblər. Eləcə də təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə də mükafatlar verilib.

Məzunların ənənəvi və həyəcanlı “papaqatma” mərasimi keçirildikdən sonra xatirə şəkili çəkdirilib.

Mərasimin əyləncəli hissəsində gənc müğənnilər və musiqi qruplarının bir-birindən maraqlı çıxışları yer alıb. Gecəyə “Ayna Band” rok qrupunun, Nərgiz Majidli və digər musiqiçilərin ifaları xüsusi rəng qatıb. Onlar məzunlara unudulmaz sevincli və coşqulu anlar yaşadıb.

Qeyd edək ki, bu il məzun olan gənclərdən bakalavriatura səviyyəsi üzrə 708-i qız, 928-i oğlan, magistratura səviyyəsi üzrə 140-ı qız, 309-u oğlandır. Məzunlar sırasında AzMİU və İTU arasında həyata keçirilən ikili diplom proqramı üzrə İnşaat fakültəsi İnşaat mühəndisliyi ixtisasının ilk məzunu, eyni zamanda 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən igid qazilərimiz də var. Bundan əlavə, məzunlar arasında Türkiyə, Rusiya, İran, Gürcüstan, Pakistan, Əfqanıstan, Ukrayna, Suriya, Qazaxıstan, Özbəkistan, Yəmən, Moldova, Türkmənistan, Çindən olan əcnəbi gənclər də olub.