“Olduqca vacib oyuna yaxşı hazırlaşmışıq. Bilirik ki, rəqib evdə oynadığı üçün ilk dəqiqələrdən təzyiq göstərməyə çalışacaq. Buna hazır olduğumuzu düşünürəm”.
"Unikal" xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsində Moldovada "Şerif"ə qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis rəqibi tanımaq və təhlil etmək baxımından müəyyən problemlər olduğunu bildirib: “Şerif”in heyətində yeni oyunçular var. Bu mənada bəzi dəyişikliklər gözləyirik. Hər iki komanda meydanda bir-birinə sürətli şəkildə uyğunlaşmalıdır. Azarkeşlər üçün maraqlı oyun olacaq. Mövsümün ilk rəsmi matçı və hava şəraitinin isti olmasına baxmayaraq, sürətli futbol görəcəyik”.
R.Sadıqov hazırkı heyətin onu tamamilə qane etdiyini söyləyib: “Futbolçularımın hər birindən razıyam. Təlim-məşq toplanışında hamı istəkli və həvəsli idi. Hər kəs meydanda olmaq istəyir. Ehtiyatda olanlar da hər zaman oyunu gücləndirməyə hazırdırlar. Planda daha bir neçə transfer var. Bunun nə dərəcədə alınacağını zaman göstərəcək. Yeni oyunçular ala bilməsək belə, bu heyətlə növbəti mövsümdə də qarşımıza qoyulan hədəflərə çatacağımıza inanıram. Mənim üçün heyət, futbolçunun adı, çıxış etdiyi əvvəlki klublar önəmli deyil. Əsas odur ki, komandam möhkəm olsun. Bundan sonra nəticə özü gələcək”.
Qeyd edək ki, iyulun 11-də keçiriləcək “Şerif”–“Zirə” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə iyulun 18-də Bakıda olacaq.