Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbyacanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Uğurlu inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri düzüblər.
Sonra Yasamal rayonunda yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunaraq şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, Kompleks önünə gül dəstələri düzlüb.
YAP Yasamal rayon təşkilatında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin Azərbyacanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, “Bakı Metropoliteni” QSC-nin inşaat sektorunda uzun illər səmərəli fəaliyyət göstərmiş, ölkəmizdə tikinti və sənaye sahəsində çalışmış Şaiq Eyubov və YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov bildiriblər ki, 1969-cu ilin 14 iyul günü Azərbaycanın tərəqqi yolunun başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunub. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi həmin gün respublikamız inkişaf dövrünə qədəm qoyub. Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində özünün yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycanı keçmiş sovetlər birliyinin ən geri qalmış aqrar ölkəsindən ittifaqın ən qabaqcıl və müstəqil şəkildə özünü təmin edə bilən bir ölkəsinə çevirib. Həmin illərdə xalq təsərrüfatının bütün sahələrində öz tarixində görünməmiş artım templəri nümayiş etdirən Azərbaycanda milli gəlirin və əmək məhsuldarlığının dəfələrlə artımı baş verib. Qeyd olunan dövrdə respublikadan kənara oxumağa göndərilən tələbələrin illik sayı əvvəlki dövrlərə nisbətən 10 dəfəyə qədər artıb, milli iqtisadiyyatın tələbləri əsasında işçi qüvvəsi yetişdirmək üçün orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi dəfələrlə genişləndirilib, məşğulluğun artımı yanaşı, əməkhaqqı və digər sosial ödənişlərin dəfələrlə artırılması təmin edilib. Qeyd olunub ki, bu gün Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davamlı olaraq inkişaf etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişafa nail olub, mühüm tarixi uğurlara, Qələbələrə imza atıb. Bu gün də ölkəmiz Ulu Öndər Heydər Əliyev ideyları ilə inkişaf edir. Bu ideyalar da öz növbəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlərin əldə olunmasının təməlini təşkil edir.
Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri və YAP Yasamal rayon təşkilatında könüllülük fəaliyyətini uğurla başan vuran könüllülərə sertifikatlar təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonda xatirə şəkli çəkdirilib.