Vyetnamın şimalındakı Hacianq vilayətində torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb.
"Unikal" Vyetnam mediasına istinadla xəbər verir ki, hadisə səhər erkən saatlarda Bakme rayonunda baş verib. Sürüşmə baş verən vaxt hərəkətdə olan 16 yerli mikroavtobusun və minivanın sürücüsü və sərnişinləri xilas olmaq üçün nəqliyyat vasitəsindən çıxsa da, onların əksəriyyəti axın altında qalaraq ölüb. Hadisə yerinə gələn xilasedicilər 11 nəfərin cəsədini tapıblar. Altı nəfər ağır yaralı halda xəstəxanaya çatdırılıb.
Axtarış işləri davam edir. Nəqliyyat vasitələrində neçə nəfərin olduğu dəqiq bilinmir.
Hacianq vilayətinin səhiyyə departamentinin direktoru Van Ciao bildirib ki, yağış və yeni sürüşmə ehtimalı axtarış işlərini ləngidir.
Qeyd edək ki, Hacianqda bir neçə gündən bəri şiddətli yağışlar yağır. Hidrometeorologiya mərkəzi bölgəyə son sutka ərzində 290 millimetr yağış yağdığını açıqlayıb.