Əsas məqsədi çətinliklə üzləşmiş azyaşlılara sosial xidmət, psixoloji və hüquqi yardım etmək olan “Uşaq Qaynar Xətti” 2024-cü ilin yanvar-iyun aylarında 851 müraciət qəbul edib. Müraciətlər hüquqi dəstək (335), psixoloji problemlər (195), sosial məsələlər (120), təhsil (68), səhiyyə (18) və digər (115) mövzuları əhatə edib.

"Unikal" xəbər verir ki, xidmətə müraciət edənlərin 719-nu böyüklər, 77-ni azyaşlılar, 55-ni anonimlər təşkil edib. Daxil olan müraciətlərdən 393-ü ilkin, 458-si isə təkrar olaraq qeydə alınıb. 

“Uşaq Qaynar Xətti”nin hədəf qrupu 18 yaşına çatmamış uşaqları və onların problemi ilə əlaqədar şəxsləri əhatə edir. Xidmət müraciətləri araşdırır, aidiyyəti qurumlara yönləndirilməsini təmin edir, 7/24 rejimində gündəlik mövzulardan tutmuş zorakılıq və qısnama (bulling) kimi ciddi məsələlərə dəstək verir, mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Qeyd edək ki, yarandığı 2010-cu ildən bu dövrədək xidmətə 72.800-dən çox müraciət daxil olub. 

“Uşaq Qaynar Xətti” fəaliyyətini 116111 qısa nömrəsi, 4 mobil xətt (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80), elektron poçt ([email protected]), “Facebook” və “Instagram” sosial şəbəkələri və “uşaqqaynarxetti” mobil tətbiqi üzərindən həyata keçirir.