Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir.

Müdafiə Nazirliyindən "Unikal"a verilən məlumata görə, hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra çağırışçılar tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunurlar. Daha sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin edilirlər.

Şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığının, psixoloji dayanıqlığının saxlanılması və təmin edilməsi məqsədilə müvafiq təlimatların tələblərinə uyğun olaraq hər bir gənc əsgərlə fərdi söhbət aparılır və psixoloji testlər keçirilir.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq, həmçinin təlim hərbi hissələrində çağırışçılarla fərdi hazırlıq məşğələləri təşkil olunur, onlara hərbi xidmətin xüsusiyyətləri, təhlükəsizlik qaydaları, nizamnamələrin tələbləri çatdırılır.

Çağırışçıların uyğunlaşma dövrü və digər faktorlar nəzərə alınmaqla onların əsasən milli xörəklərdən ibarət keyfiyyətli qida, eləcə də yüksək kalorili tərəvəzlə qidalanmaları diqqət mərkəzində saxlanılır.