Yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar Diaqnoz Tibb Mərkəzinin kardioloqu Ağadadaş Rəşidov ürək və hipertoniya xəstələrinə xəbərdarlıq edib.
"Unikal"ın məlumatına görə, o bildirib ki, həddindən artıq isti hava ürək-damar xəstəlikləri olan insanlarda su və elektrolit balansının pozulması, infarkt və laxtalanma riskini artıra bilər.
"Yay aylarında temperaturun artması ilə ürək-damar problemlərindən ölüm halları da artır. Çünki isti havalarda orqanizmin temperatur tarazlığını qorumaq üçün ürək, ağciyər və böyrəklər daha çox işləməli olur. Bu, xüsusilə ürək xəstələri üçün böyük risk yaradır".
Ağadadaş Rəşidov ürək xəstələrinə isti havalarda maye istehlakına diqqət etməyi məsləhət görüb:
“İsti havalarda mütləq daha çox maye qəbul etməlisiniz. Qan təzyiqi və ürək çatışmazlığı olan xəstələrə duz məhdudiyyəti tətbiq edilir. Bu xəstələr qazlı içkilərdən, turşudan və bu tip tərkibində həddindən artıq duz olan qidalardan istifadə etməməlidirlər”.
Həkim əlavə edib ki, bununla belə, təzyiqi daim aşağı olanlar, ağızda quruluq və ayaqlarında sancılar hiss edənlər bir az duz qəbul edə bilərlər.
“Bundan başqa, sidikqovucu dərmanlardan istifadə edən xəstələrə həddindən artıq kalium itkisinin qarşısını almaq üçün gündə bir banan və ya bir neçə ədəd ərik yemək tövsiyə olunur. Bütün ürək xəstələri həkim tərəfindən təyin olunmuş dərmanları mütləq şəkildə qəbul etməli, tövsiyyə olunmuş pəhrizə əməl etməli, fiziki aktivliklərini havanın sərin vaxtlarında davam etdirməlidirlər. Ürək xəstələri və yüksək ürək damar sistemi xəstəliyi riski olanlar hər hansı dəyişiklik hiss etdiyi halda mütləq kardioloqa müraciət etsinlər ”, - deyə həkim vurğulayıb.