Qız və oğlanların nitqlərinin arasında fərq bir az mübahisəli məqamdır. Amma müəyyən fərqlər mövcuddur.
"Unikal" xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" hesabında Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova açıqlayıb.
Onun sözlərinə görə, bu, ilk öncə oğlan və qızların fizioloji inkişafının xüsusiyyətlərindən asılıdır:
“Qızlarda baş beyin qabığındakı nevronlararası əlaqələr nitqə cavabdeh olan bölgələrdə daha sürətli formalaşır. Oğlanlar qızlara nisbətən gec danışmağa başlayırlar, təxminən 2,5-3 yaşa yaxın”.
A.Ələkbərova qeyd edib ki, 4-6 yaşlı qızlar daha yaxşı danışırlar, şəkil çəkirlər:
“Ancaq həmişə istisnalar da mövcuddur. Ancaq məktəb dövründə oğlanlar məntiq və təfəkkürdən istifadə edirlər. Onların riyazi qabiliyyətləri daha çox inkişaf edir. Qızlara isə hekayələr, mətnlər danışmaq, şeirlər əzbərləmək daha asan olur”.
Loqoped vurğulayıb ki, oğlan və qızlar arasında nitqin başa düşülməsində də fərqlər müşahidə olunur:
“Qızlar emosional nitqi daha yaxşı qavrayırlar, oğlanlar isə qısa və lokanik nitqi. Qızlar üçün hisslər və duyğular vacibdir. Onlar böyüklərin nitqində də bunu hiss etməyə çalışırlar. Oğlanlar isə danışarkən konkret və qısa danışmağa daha çox üstünlük verirlər”.