Xətlərə buraxılması üçün 160 ədəd elektrikli avtobusun idxal edilməsi nəzərdə tutulub.

"Unikal" xəbər verir ki, bu barədə mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, bundan əlavə daha 200 ədəd avtobusun təmir edilərək sərnişindaşımaya qaytarılması nəzərdə tutulub.

Anar Rzayev bildirib ki, Bakı-Sumqayıt yolunda, Ş.Bədəlbəyli, Füzuli və Haqverdiyev küçələrində yeni zolaqlar istifadəyə verilib. Hazırda 23 küçə və prospektdə təxminən 66 km xüsusi zolaq mövcuddur.

İdarə Heyyətinin sədri qeyd edib ki, Gənclik Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib. Koroğlu m/s-nın cənub çıxışında və 28 May m/s qarşısında yeni Nəqliyyat Mübadilə Mərkəzlərinin təşkili istiqamətində işlər aparılır.