Şuşa, Laçın və Xankəndi şəhərləri istiqamətində nəqliyyat sistemi hazırlanır.
"Unikal" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.
"Qarabağda həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşımanın həyata keçirilməsi üçün işlər gedir. Biz artıq müsabiqələr elan etmişik. Bərdə-Xankəndi, Bakı-Laçın marşrutları müsabiqəyə çıxarılıb, onların qalibləri tezliklə elan ediləcək və fəaliyyətə başlayacaqlar", - deyə o qeyd edib.
"Yeniliklərin tətbiqi “Böyük Qayıdış” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların daha keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasına töhfə verəcək. Hazırda tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan), Horadiz (Füzuli)-Hadrud (Xocavənd), Horadiz (Füzuli)-Laçın istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir. İşğaldan azad olunmuş digər ərazilərdə də təhlillər aparılır", - deyə A.Rzayev əlavə edib.