Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 44 yaşlı Fuad Qəhrəmanov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, ondan 8 kiloqram marixuana, heroin və tiryək aşkar olunub. F.Qəhrəmanov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu “Fərrux” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Saxlanılan şəxs narkotikləri Bakı şəhərinə apararaq orada deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində bir miqdar narkotik vasitə əldə edəcəkmiş.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Qəhrəmanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Həmçinin, şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 4 ov tüfəngini könüllü polisə təhvil verib, 1 ədəd “Kalaşnikov” markalı avtomat və patronlar isə rayon ərazisindən aşkar edilərək götürülüb.