Şuşada II Qlobal Media Forumu çərçivəsində panel müzakirələri başlayıb.
"Unikal" xəbər verir ki, ilk panelin mövzusu “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” olub.
Paneldə moderatorluq edən “TRT World” baş prodüsseri Gida Fəxrinin (Ghida Fakhry) sözlərinə görə, bəzən elə olur ki, dezinformasiya yayan mətbuat orqanı hakimiyyətin siyasətinin qurbanı olur:
“Dezinformasiya yayanlar auditoriyanın marağını nəzərə almır. “Feyk nyus” yeni bir şey deyil, əvvəllər bunu təbliğat adlandırırdıq. Hazırda saxta xəbərlər geniş yayılıb. Bunun nəticəsi olaraq insanların həqiqi məlumatlardan xəbərləri olmur. Əvvəlki nəsillər hazırkı alqoritmlərlə qarşılaşmayıblar. İndiki vəzifə əvvəlki status-kvonun bərpasıdır”.
“TRT World”ün aparıcısı və müxbiri Cəfər Hasnin (Jaffar Hasnain) çıxışında vurğulayıb ki, 44 günlük müharibə zamanı bir çox beynəlxalq medianın xəbərləri elə təəssürat yaradırdı ki, guya Azərbaycan Ermənistanı işğal edib:
“Amma sadə araşdırma göstərdi ki, hər şey əksinədir. Türkiyədə olan zəlzələ zamanı da çoxlu sayda yalan məlumatların yayıldığını gördüm. Yalan xəbərlər xilasedici işlərin aparılmasına mane olub”.
TASS İnformasiya Agentliyinin baş direktorun birinci müavini Mixail Qusman vurğulayıb ki, dezinformasiya müharibələrin bir hissəsidir və hər zaman olub.
“Peşəkarlar feyk xəbərlərin mahiyyətini anlamalıdırlar. Dezinformasiya bəzən savadsızlıqdan, məlumatsızlıqdan olur. Həqiqi dezinformasiya bir dövlətin digərinə qarşı informasiya silahıdır. Dezinformasiya yeni texnologiyaların sayəsində daha güclü silaha çevrilib”.
XXX
09:52
Şuşada II Qlobal Media Forumunun ikinci iş gününə start verilib.
“Unikal" xəbər verir ki, iştirakçıları Azərbaycan Prezidentinin köməkçisi-Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi salamlayacaq.
Daha sonra forum işini panellərdə davam etdirəcək.
“TRT World”un aparıcısı və Baş Prodüseri, Gida Fəxrinin (Ghida Fakhry) moderatorluğu ilə keçiriləcək birinci paneldə iştirakçılar “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” mövzusunda müzakirələr aparacaqlar.
Günün ikinci panelinin mövzusu “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər” olacaq. Bu müzakirələrə “Əl-Cəzirə” Araşdırmalar Mərkəzinin nümayəndəsi Ezzedin Abdelmula (Ezzeddine Abdelmoula) moderatorluq edəcək.
Qeyd edək ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən forumda 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılıb.