Bu il sentyabrın 1-də xalqımız üçün əhəmiyyətli hadisə baş verəcək - Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Parlament seçkiləri ümummilli seçkilər kateqoriyasına aid edildiyindən onun hər bir mərhələsi ölkə üçün sosial, siyasi baxımdan xüsusi önəm daşıyır.
"Unikal" xəbər verir ki, bu sözləri Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirədə çıxışı zamanı deyib.
O bildirib ki, Milli Məclisə budəfəki seçkilər, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə keçiriləcək.
“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyası ilə vətəndaşlarımızın dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququnun olması təsbit edilib. Şübhəsiz ki, insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin edilməsində məhkəmə müdafiəsi hüququ müstəsna rola malikdir. Azərbaycan dövləti vətəndaşlarımızın iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə olunması yolu ilə təminat verir. Ölkəmizdə seçki hüquqları pozulduqda şəxslərə hüquqlarının müdafiəsi üçün mexanizmləri real işlək və səmərəli olan məhkəmələrə sərbəst müraciət etmək imkanı təmin edilib. Qeyd etmək lazımdır ki, son illərdə ölkəmizdə davamlı olaraq məhkəmə-hüquq islahatları aparılır. Aparılan islahatlar nəticəsində məhkəmələrə əlçatanlığı təmin etmək, icraatda çeviklik və işlərə daha səmərəli baxmaq, bütövlükdə isə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb. Seçki hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərə inzibati məhkəmə icrası qaydasında ilkin olaraq apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır”, - deyə İnam Kərimov əlavə edib.