Bakı Mühəndislik Universitetində (BMU) Koreya (Cənubi) Respublikasının İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan 3 həftəlik “Yay məktəbi”nin müəllimi, təhsil ocağının “Elektrik mühəndisliyi” ixtisası üzrə professoru Daeyu Kim tədrislə bağlı təəssüratlarını bölüşüb.
"Unikal"ın məlumatına görə, professor deyib ki, “Yay məktəbi”ndə tələbələrə “Elektrik və elektronika mühəndisliyi”nin əsas prinsiplərini tədris edir və tələbələrin rəqəmsal məntiqi sxemləri həvəslə öyrənmələrindən, dərslərdə olduqca fəallıq göstərmələrindən məmnundur: “Tələbələr keçirilən dərslərə ciddi yanışır, bu prosesi bilikləri artırmaq, təcrübə toplamaq baxımından düzgün dəyərləndirirlər. Rəqəmsal sxemlərə bələd olmaqla onlar, həmçinin elektrik sistemləri və elektron cihazları inkişaf etdirə bilirlər”.
Daeyu Kim BMU və İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı tələbələrinin beynəlxalq səviyyədə qabaqcıl mühəndislər olacağına inamını ifadə edib: “Hesab edirəm ki, tələbələrimiz beynəlxalq səviyyədə qabaqcıl mühəndislər olacaq və bu, ölkəniz üçün böyük sərvətdir”.