Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının təsis olunmasının 31 illiyi qeyd olunub.
"Unikal" xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov partiyanın yaranma tarixinə və fəaliyyətinə nəzər salıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi, partiya yarandığı gündən etibarən şərəfli və məsuliyyətli yol qət edib, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara, tarixi nailiyyətlərə imza atır.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Yeni Azərbaycan Partiyasının yaranması və Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərin qarşısının alındığını deyib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan sabitlik, dirçəliş və inkişaf yoluna qədəm qoydu.
Partiyanın veteran üzvü Abbasqulu Bağırov bu gün Ümummilli Lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın böyük gücə çevrildiyini qeyd edib.
Sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman təqdim olunub.