Bakı Mühəndislik Universitetində (BMU) yeni açılan “Fizika” ixtisası ingilis dilində və ən müasir texnologiyalar vasitəsilə tədris olunacaq.
"Unikal" xəbər verir ki, tələbələr universitetin nəzdində fizikanın əsas baza fənləri-mexanika, molekulyar fizika, elektrik maqnetizmi, optika, atom və nüvə fizikasına dair müasir, tam avtomatlaşdırılmış laboratoriyalardan, eyni zamanda mühəndis kadrların hazırlanması üçün quraşdırılmış laboratoriyaların imkanlarından istifadə edə biləcəklər.
Fizika laboratoriyasının maddi-texniki bazası tələbələrin elmi hesablamalar aparmaq, bu sahənin müxtəlif istiqamətləri üzrə əsas təcrübə işlərinin həyata keçirilməsinə tam imkan verir. Tələbələr hər bir təcrübə işində kompüterdən, çox sayda müxtəlif sensorlardan, eləcə də xüsusi proqram təminatından yararlanaraq ölçmə apardığı kəmiyyətləri birbaşa cədvəl və qrafiklər əsasında müşahidə edə bilirlər.
Bu ixtisasın məzunları əmək bazarında layiqli iş tapmaqla yanaşı, fizika, fizika müəllimliyi, mühəndislik, fizika texnologiyaları və dissiplinlərarası magistr proqramlarında uğurla iştirak edə bilərlər.
Qeyd edək ki, BMU-nun builki qəbul planına əlavə edilən yeni ixtisaslar sırasında “Fizika” ilə bərabər, “Biotexnologiya”, “Kimya”, “Riyaziyyat”, “Nəqliyyat mühəndisliyi”, “Qida mühəndisliyi” və “Şərabçılıq” yer alır.