Arıqlamaq çoxumuz qəbul etməsək də, səbr tələb edən uzun bir prosesdir. Arıqlayanda sadəcə bədənimizin çəkisini azaltmırıq, həmçinin, sağlamlığımıza təsir edəcək dəyişikliklərə zəmin hazırlayırıq.
"Unikal" aşağı kalorili diyetlərin orqanizmə təsirlərini təqdim edir:
Orqanizm qidasız qalır
Yaşamaq üçün bədəninizə hər gün ehtiyac duyduğu qidaları vermək gərəklidir. Aşağı kalorili pəhrizlərdə orqanizm qidasız qalır. Bədənin karbohidratlara, zülallara və sağlam yağlara ehtiyacı var. Əsas odur ki, onlar norma daxilində qəbul edilsin. Metabolizmanın düzgün işləməsi üçün bunların hamısı gərəklidir.
Az kalorili pəhrizlər iştahın artmasına səbəb olur
Normal şəraitdə çox tez acmayan və gün ərzində enerjinizi səmərəli istifadə edə bilən birisinizsə, ancaq pəhrizi dayandırdıqda birdən-birə daim aclıq hiss edirsinizsə və əvvəlkindən 4-5 dəfə daha çox yemək yemək istəyirsinizsə, bunun səbəbi aşağı kalorili pəhrizlərdir. Aşağı kalorili pəhrizlər iştahınızı düşündüyünüz kimi azaltmır, əksinə artırır.
Yuxu problemləri
Aşağı kalorili pəhriz yuxu sistemini çökdürür. Yuxuya getməkdə çətinlik və dərin yuxu yatmaqda çətinlik aşağı kalorili pəhriz saxlayanlarda daha çox müşahidə olunur.
Əzələ itkisi
Arıqlama zamanı etməli olduğunuz şey, yağ faizinizi azaltarkən əzələ faizinizi artırmaqdır. Bədəninizin əzələ nisbətini artırmadan arıqlamaq və çəkini saxlamaq çətinləşir. Aşağı kalorili diyetlər əzələ kütlənizi artırmaq bir yana, azaltmağınıza səbəb olur.
Baş ağrısı və mədə problemləri
Aşağı kalorili pəhrizlər və daimi aclıq xroniki baş ağrılarına və mədə-bağırsaq problemlərinə səbəb olur. Bədəninizin enerjisi tükəndiyi üçün baş ağrıları yaranır. Qan dövranı yavaşlayır, bu da baş ağrılarının pisləşməsinə səbəb olur. Aşağı kalorili pəhriz saxlamaq bağırsaqlarınızın işləməsi üçün lazım olan lifi də azaldır. Bu zaman həzm problemləri qaçınılmaz olur.
Saçların tökülməsi
Yediyiniz qidalardan bədəninizi tarazlaşdıran vitamin və minerallar da alırsınız. Aşağı kalorili pəhrizlər səbəbiylə bədəninizi qida maddələrindən məhrum etdiyiniz zaman qan dəyərləriniz azalır və saçlar tökülməyə başlayır. Çünki yeməksiz qalan orqanizminiz daxili orqanlarınızın işləməsi üçün bütün enerjisini sərf edir. Bu zaman saçların tökülməsi və dırnaqların qırılması qaçılmaz olur.
Yorğun və halsız hiss etmək
Qida maddələri təkcə fiziki sağlamlığınız üçün deyil, həm də zehni sağlamlığınız üçün gərəklidir. Həddindən artıq aşağı kalorili pəhriz saxlasanız özünüzü daim yorğun və tükənmiş hiss edəcəksiniz.
Zərifə Nağıyeva