Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən ümumilikdə 6 yeni telekommunikasiya operator və provayderi uçota alınıb.
"Unikal" xəbər verir ki, “Aznet technologies” QSC, “Alnet”, “Profib”, “Volt internet”, “Sfera net” və “Caspian İT services” MMC-lərin müraciəti əsasında onların uçota alınması həyata keçirilib.
Həmçinin “Proksi fiber” və “Avirtel” MMC-lərin müraciətləri əsasında operator və internet provayder kimi fəaliyyətlərini dayandırmaları səbəbindən uçotları ləğv edilib. Bununla da uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatıb.
İKTA bir daha bəyan edir ki, uçota durmayan operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalında bu link vasitəsilə autentifikasiyadan keçərək uçota durmaq üçün ərizə göndərməlidirlər. Uçota durma qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.
Uçota alınma bu sahənin hesabatlılıq səviyyəsini, eləcə də tənzimləmə imkanlarını genişləndirir. Eləcə də genişzolaqlı internetə çıxış səviyyəsinin maksimum həddə çatdırılması üçün inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında istifadə olunur. Həmçinin istehlakçılar və tənzimlənən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsi, xidmət bazarlarının təhlil edilməsi, onların formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm rol oynayır.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.