Bu ilin yanvar-iyun aylarında Azərbaycanda qeyri-monetar qızılın idxalının həcminin kəskin artması səbəbindən aparılmış idxal əməliyyatlarının tərkibində idxal rüsumundan azadolmaların həcmi 59,3 % olmaqla 5 milyard 257,8 milyon ABŞ dolları, ƏDV üzrə güzəştlərin həcmi isə 30,6 % olmaqla 2 milyard 714 milyon ABŞ dolları təşkil edib.
Bu barədə "Unikal" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi 21 milyard 768,2 milyon ABŞ dolları təşkil edib.
Bildirilib ki, ticarət dövriyyəsinin 8 milyard 867,2 milyon ABŞ dollarını (747,8 milyon ABŞ dolları qeyri-monetar qızıl) və ya 40,7 %-ini isə Azərbaycana idxal olunmuş malların, 12 milyard 901 milyon ABŞ dollarını və ya 59,3 %-ini ölkədən ixrac olunmuş malların dəyəri təşkil edib.
Nəticədə 4 milyard 033,8 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında idxalın həcmi 668,9 milyon ABŞ dolları və ya 8,2 % artsa da, gömrük daxilolmaları kontekstində idxalın tərkib komponentində adekvatlıq müşahidə olunmur. Belə ki, idxalın artımının əsas səbəbi idxal olunan qeyri-monetar qızılın həcmi ilə bağlı olub ki, bu da qanunvericiliyə əsasən gömrük ödənişlərindən azaddır. Bu ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl nəzərə alınmadan idxalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 % azalaraq 8 milyard 119,4 milyon ABŞ dolları təşkil edib.