Ağstafa RİH başçısı aparatının inzibati binasında 23-24 iyun 2024-cü il tarixlərində Polşa Respublikasının Qdansk şəhərində keçirilən Sumo güləşi üzrə yeniyetmələr arasında Avropa çempionatında 70 kq çəki dərəcəsində 3-cü yeri tutmuş 17 yaşlı Ağstafalı idmançı İmaməli Yamlihə Rasim oğlu ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax -Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və məsul şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Avropa çempionatının qalibini təbrik edib, ölkədə və eləcə də Ağstafa rayonunda aparılan uğurlu gənclər və idman siyasəti haqqında geniş məlumat verib. Qeyd olunub ki, dövlətimiz tərəfindən hər bir sahədə olduğu kimi idman sahəsinə də böyük diqqət və qayğı göstərilir. İdmançılarımız Avropa, Dünya çempionatlarında və Olimpiya idman oyunlarında uğurlu nəticə əldə edirlər.
Görüşdə Avropa çempionatında qalib olmuş İmaməli Yamlihə Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyəsi ilə təltif olunub.
Qeyd edirik ki , Avropa çempionatında əldə etdiyi yüksək nəticəyə görə İmaməli Yamlihə İdman sahəsində təhsilini artırmaq məqsədilə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmuşdur.