Bu ilin I yarısında Azərbaycan gömrük orqanları 15 975 inzibati xəta faktı aşkar edib.
"Unikal" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu barədə gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin nəticələrinə dair açıqlanan hesabatda deyilir.
Bildirilir ki, bu faktlarla əlaqədar 1 075 hüquqi şəxs (o cümlədən 468 xarici hüquqi şəxs) və 14 894 fiziki şəxs (o cümlədən 4 447 xarici vətəndaş) barəsində inzibati tənbeh tətbiq olunub.
Bu müddət ərzində törədilmiş inzibati xətalar üzrə kənar keçirmə 2, gizli keçirmə 42, bəyan etməmə 372, malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin çatdırılmaması 13 801, geri aparmama (gətirməmə) 162, gömrük ödənişlərindən yayınma 24, digər inzibati xətalar üzrə isə 1 628 fakt qeydə alınıb.
Bu müddət ərzində gömrük orqanlarının tətbiq etdiyi cərimərin məbləği 1 milyon 269 min 558 manat, cərimənin ödənilmiş məbləği isə 1 milyon 169 min 682 manat təşkil edib.
Bu ilin ilk yarım ilində məhkəmə qərarları əsasında tətbiq edilmiş cərimənin ödənilmiş məbləği 68 min 217 manat, müsadirə edilmiş malların dəyəri 98 min 503 manat olub.