Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platformasının yeni “Videozəng” həlli istifadəyə verilib.

"Unikal" xəbər verir ki, tərəfdaşlara SİMA KYC məhsulunun tərkib hissəsi kimi təqdim olunan həll bankların və digər maliyyə qurumlarının bazarda formalaşdırdığı təlabat əsasında hazırlanıb.

Videozəng həlli  müştərilər və maliyyə qurumları arasında təhlükəsiz videozənglər təmin edən videogörüş proqramıdır. Yeni müştərilər üçün məsafədən hesab açılması prosesini xeyli sadələşdirən proqram Mərkəzi Bankın tələb və qaydalarına tam şəkildə uyğundur. SİMA-nın biometriya texnologiyası sayəsində Videozəng həlli bir neçə formada canlılıq testi aparır. Bu isə həm şəxsin eyniləşdirilməsini aparır, həm də zəngin tam qaydalar çərçivəsində olduğunu müəyyən edir. Güclü iki faktorlu təsdiqləmə nəticəsində saxtakarlıq və dələduzluq hallarının qarşısı alınır.

Qeyd edək ki, SİMA-nın Videozəng həlli banklara məsafədən hesab açılması əməliyyatlarını qanunvericiliyə tam uyğun şəkildə tamamlamaq imkanı verir. Müştərilər tərəfindən fiziki olaraq filiala getməyə ehtiyac qalmır. “Videozəng” ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.