Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, həmçinin idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin həyətində baş tutan görüşdə vətəndaşların müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında işlə təminat, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sairə məsələlər yer alıb.
Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcək.