Azərbaycanın milli aviadaşıyıcısı AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb. İyulun 25-nə olan məlumata görə, aviaşirkət 2024-cü ilin əvvəlindən iki milyon sərnişinə xidmət göstərib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.
Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda Nəzrin xanımı təbrik edərək Bakıdan “Azərbaycan Hava Yolları” aviaşirkətinin istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.
Qeyd edək ki, 2024-cü ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə AZAL-ın sərnişinlərinin sayında beynəlxalq istiqamətlərdə 60%, ölkədaxili istiqamətlərdə isə 10% artım müşahidə olunub.