Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib.
"Unikal" xəbər verir ki, görüşlərdə RİH başçısı Abdin Fərzəliyev bildirib ki, xalqımız tale yüklü məsələlərdə çox böyük uğurlar, inanılmaz nəticələr əldə edib. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörənliyi və həyata keçirdiyi siyasət nəticəsində Vətən Müharibəsində şanlı zəfər qazanılıb, ərazi bütövlüyümüz təmin olunub, işğaldan azad olunan yurd yerlərimizdə şəhər və kəndlərimiz bir-birinin ardınca yenidən qurulur, soydaşlarımız doğma yerlərinə geri dönür. RİH başçısı qeyd edib ki, respublikazın hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir. Hazırda rayon ərazisində 210-dan çox şəhid ailəsinin, o cümlədən 132 şəhid övladının yaşadığı qeyd edilərək onların hər birinə qayğı ilə yanaşıldığını və bu diqqətin daimi olacağı bildirilib.
Abdin Fərzəliyev şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələlər yerindəcə həll olunub.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medallarına layiq görülən şəhid baş leytenant İlqar Vəliyevin oğlu Vəli Vəlizadənin həqiqi hərbi xidmətə yola salınma mərasimi keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsində baş tutan tədbirdə Abşeron RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib. A.Fərzəliyev şəhid övladını təbrik edib və bu şərəfli xidmətdə ona uğurlar arzulayıb. Vəli Vəlizadə də şəhid atasının iftixarlı hərb yolunu davam etdirmək üçün hərbi xidmətə yola düşdüyünü vurğulayaraq qəhraman şəhidlərimizin bizə əmanəti olan şanlı bayrağımızı hər zaman layiqincə daşıyacaq və vətənimizə böyük qürur və şərəflə xidmət edəcəyini bildirib.
Şanlı qələbə qazandığımız Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid leytenant, hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli, şəhid İsmayıl Qəsəbov, şəhid gizir Vidadi Zalov, anti-terror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan Qiyas Manafov, şəhid kapitan Nurlan Mustafayev, şəhid Nurlan Ağakişiyev doğum günlərində şəhid ailələri ilə birgə yad edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və rayon ictimaiyyəti tərəfindən şəhidlərimizin ailə üzvləri ilə birgə məzarları ziyarət edilib, qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla yad olunub, ruhlarına dualar oxunub. Şəhidlərimizin keçdiyi döyüş yollarından və göstərdikləri şücaətlərdən danışılıb, onlarla bağlı xatirələr bölüşülüb.
Şəhidlərimizin ailə üzvləri də hər zaman dövlətin diqqətində olduqlarını, cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını daim hiss etdiklərini vurğulayaraq ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Abşeron rayonunda vətəndaşların müraciətlərinin operativ həlli məqsədilə növbəti səyyar qəbul-görüşlər keçirilib. Rayonun Məmmədli, Digah, Masazır və Novxanı kəndlərində baş tutan səyyar qəbullarda RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Rayon Ağsaqqallar Şurasının sədri Nizami Zalov, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak edib.
Səyyar görüşlərdə RİH başçısı Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsindən, işğaldan azad olunan yurd yerlərimizin qısa zamanda bərpa olmasından, soydaşlarımızın öz yurdlarına geri dönməsindən ətraflı danışıb.
Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.