"Azərbaycana gələn turistlərin 82.5 faizi Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedirlər".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır:
"Azərbaycana gələnlərin 5.0 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, xarici tursitlərin 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 2,9 faizi Qubada, 0,5 faizi Şabranda, 1,6 faizi faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Göründüyü kimi, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, bölgələr turizm potensialını hələ də tam təqdim edə bilmirlər və xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiymətinin yüksək olması və keyfiyyətdə paytaxtdan geri qalması xarici turist cəlbinə təsir göstərir".
Qeyd edək ki, 2024-cü ilin birinci yarısında hotellərdə gecələmələrin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35,8 faiz artaraq 1 milyon 852 min olub. Gecələmələrin ümumi sayının 66,5 faizi Bakıda, 5,3 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Qəbələdə, 3,3 faizi Şabranda, 2,0 faizi Lənkəranda, 1,2 faizi Xaçmazda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 8,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 37,1 faiz artaraq 1 miyon 81 min olub ki, bu da ümumi gecələmələrin 58,4 faizini təşkil edir.