"Tik-tok”da paylaşılan videoya yazılan rəyə görə yaranan mübahisədə vətəndaşı bıçaqlamaqda təqsirləndirilən şəxs Əmrah Əmrahova hökm oxunub.
"Unikal"ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən Ə.Əmrahov 6 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalındaca həbs edilib.
Əmrah Əmrahov barəsində ibtidai istintaq dövründə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Eldar Həmzə məhkəmədən təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, Əmrah Əmrahov "Tik-tok” sosial şəbəkədə tanımadığı şəxs olan Ömər Bəbirovun tanışının videosundan altından rəy yazıb. Tərəflər məhz buna görə yaranan mübahisəyə aydınlıq gətirmək üçün görüş təyin edirlər.Onlar Xətai rayonu ərazisində yerləşən məktəblərin birinin həyətində görüşərək mübahisələrini davam etdirirlər.
Bu məqamda Əmrah Əmrahov xuliqanlıq niyyəti ilə başı ilə Ömər Bəbirovun sifət nahiyəsindən zərbə vurur, ardınca isə üzərində gəzdirdiyi bıçaqla döş qəfəsindən bir dəfə vuraraq, onun sağlamlığına ağır zərər vurur.
Əmrah Əmrahov qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli