"Kapital Bank" 150 illik yubileyini qeyd edir. Bu əlamətdar hadisə bankın zəngin tarixini, davamlı inkişafını və müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirdiyi layihələri bir araya gətirir.

"Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov ilə 150 illik tarixə sahib olan, ölkənin birinci bankının son illərdə əldə etdiyi uğurları, həmçinin gələcək hədəflərindən "Unikal"a danışıb: 

- “150 il” ifadəsini səsləndirmək belə bankın uğurlu bir tarixə, təcrübəyə sahib olduğunu göstərir. Ölkənin birinci bankı adına sahib olmaq qədər, o adı qoruyub saxlamaq da doğru strategiya və komanda işi tələb edir. Bu yolda əsas uğur düsturunuz nədir? 

Sürətlə böyüyən və inkişaf edən bir ölkənin birinci bankı olaraq fəaliyyət göstərmək və bu zamana qədər müştərilərinin etimadına sadiq qalmaq həqiqətən böyük əmək və motivasiya tələb edir. Bizim, Kapital Bank olaraq ən böyük strategiyamız və uğur düsturumuz müştəri mərkəzli xidməti prioritet hesab etməyimizdir.  

Bankımız hüquqi varisi olduğumuz ilk əmanət kassasının fəaliyyətə başladığı 1874-cü ildən bu günədək ölkəmizin birinci bankı kimi əhəmiyyətli layihələrin təşəbbüskarıdır. Bu layihələr təkcə maliyyə sektoruna deyil, həm də cəmiyyətimizin ümumi rifahına xidmət edir. Biz daim müştərilərimizin ehtiyaclarını və tələblərini anlayaraq, onlara doğru həllər təqdim edir, hesabatlılıq və şəffaflıq prinsiplərinə sadiq qalaraq dayanıqlı inkişaf hədəflərini həyata keçiririk. Doğru texnoloji investisiyalar və finteklərin tətbiqi ilə maliyyə sahəsində ilk sırada olmağa davam edirik. 

Bildiyiniz kimi, 2024-cü ilin birinci yarısını 123.9 milyon manat xalis mənfəətlə başa vurduq və aktivlərimiz artıq 10 milyard manatı keçib. Xüsusilə vurğulamaq istəyirəm ki, gəlirimizin böyük bir hissəsini loyallıq proqramı çərçivəsində müştərilərilərimizə bonus olaraq geri qaytarmışıq. Ötən ildən indiyədək bu bonusların (keşbek, mil, 2 qat ƏDV) ümumi məbləği 141 milyon manat təşkil edib. Bu investisiyalar strateji yanaşmamıza uyğun olaraq daha dayanıqlı gələcəyi təmin etmək üçün nəzərdə tutulub. Bu gün əminliklə deyə bilərəm ki, "Kapital Bank" olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq.  

- Rəqəmsallaşmadan söz açmışkən, bəli, "Kapital Bank" rəqəmsallaşmanı ölkəmizdə populyarlaşdıran ilk banklardandır. Hansı texnoloji yenilikləri tətbiq edirsiniz və bu rəqəmsal texnologiyalar bank xidmətlərinizə necə təsir edir? 

Bəli, həqiqətən bir ekosistemin parçası olaraq tariximizin hər mərhələsində bir çox ilklərə imza atmışıq və hələ də inkişaf etməyə, xidmət sahələrimizi təkmilləşdirməyə davam edirik. Fərqli istiqamətlərdə sürətli və effektiv nəticələrin əldə olunması üçün müxtəlif texnologiyalar əsasında qurduğumuz modellər böyük rol oynayır və bu modellərin bir çoxunda süni intellekt də tətbiq olunur.

Üz tanıma, seqmentasiya, kreditin ön təsdiqi, risk idarəetmə modellərini və müştəri sorğularının səsdən mətnə və mətndən səsə çevrilməsi kimi texnoloji yenilikləri tətbiq edirik. Məsələn, filiala getmədən kreditin başdan-başa onlayn əldə edilməsi və ya eyni qaydada depozitin yerləşdirilməsi bu nümunələrdən sayıla bilər. Analitika sahəsindəki modellərimizi də vurğulamaq istəyirəm, burada böyük məlumatları analiz edərək məhsulları və kampaniyaları optimallaşdırır və eyni zamanda müştərilərimizin ehtiyaclarını daha yaxşı başa düşürük. 

Rəqəmsal texnologiların tətbiqinin bizə qazandırdığı ən vacib dəyər müştərilərimizin filiala gəlmədən, effektiv şəkildə xidmət almasını təmin etmək oldu. Bu, həmçinin kağız sənədlərin istifadəsini minimuma endirməyə və təbiətimizin təmiz qalmağına da dəstək olur. Təkcə ötən ilin göstəricilərinə baxsaq, bank əməliyyatları zamanı elektron sənədləşmə sayəsində 8 milyona yaxın A4 kağıza qənaət etmişik, yəni kəsiləcək 800 ağacı təbiətə qazandırmışıq.  

Sahibkarlığa və biznesin inkişafına qatdığımız dəyəri və dəstəyi də vurğulamadan keçmək olmaz. Bankımızın müştəri portfelinin önəmli hissəsini kiçik və orta sahibkarlar, korporativ müştərilər təşkil edir. Bu istiqamətlərdə Birbank Biznes mobil tətbiqimizin biznes mühitinə, xüsusilə kiçik və orta sahibkarlığa qatdığı dəyəri və xidməti demədən keçmək olmaz. Sözügedən istiqamətdə də önəmli investisiyalar etməklə, KOS-lara istənilən vaxt və hər yerdə öz hesablarına daxil olmaq və müxtəlif maliyyə əməliyyatlarını həyata keçirmək fürsəti yaradırıq. 

Qürurla qeyd etməliyik ki, rəqəmsallaşmadakı bütün bu təşəbbüslərin nəticəsi olaraq beynəlxalq təşkilatlar tərəfindən hər il bir çox kateqoriyada mükafatlara layiq görülürük. “Global Finance” jurnalı tərəfindən “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görülməyimiz, ölkənin ilk rəqəmsal bankı Birbank-ın mobil tətbiqinin “Markswebb” konsaltinq və araşdırma şirkətinin “2024-cü il üzrə Azərbaycanın mobil bankçılıq sıralaması" siyahısında 1-ci yerə layiq görülməyi bunun ən yaxşı sübutudur.  

Əlbəttə ki, danışdığımız bütün uğurların arxasında ciddi komanda ruhu və böyük Kapital Bank ailəsinin əməyi var. Bu günün birinci bankı olmaq və gələcəkdə də müştərilərinə innovativ həllər təqdim etmək fəlsəfəsi davamlı inkişafın parçası olmağı tələb edir. 

- "Kapital Bank" korporativ sosial məsuliyyət istiqamətində də önəmli işlərə imza atır. Bankın davamlılıq və ekoloji məsuliyyət sahəsində gələcək planları nələrdir? 

Korporativ sosial məsuliyyət istiqaməti bizim əsas öncəliklərimizdəndir. Kapital Bank-ın birbaşa dəstəyi ilə yaradılmış Qırmızı Ürəklər Fondunun bu istiqamətlərdə əhəmiyyəti də böyükdür.

Qırmızı Ürəklər Fondu cəmiyyət, ətraf mühit və heyvanlar olmaqla üç fərqli istiqamətdə dəstək göstərərək ətraf mühit və sosial sahələrdə müsbət təsirlər yaradır. Təkcə ötən il “Vətən Bağı” layihəsi çərçivəsində, Lerik, Daşkəsən, Ağstafa, Qazax və Şabran olmaqla 5 regionda 1000-ə yaxın ağac əkilib. “Təmiz Mühit, Təmiz Gələcək” aksiyası çərçivəsində 15 hektar ərazi 4 tondan çox tullantılardan təmizlənmişdir. “Kitabgəzər Kitabxanası” layihəsi çərçivəsində ölkəmizin 29 rayon və şəhərlərində 55 kənd məktəbinə 3000-ə yaxın kitab ianə edilmişdir. “Batareyaları Təhvil Ver, Təbiəti Qoru” layihəsi çərçivəsində 780 kq-a yaxın batareya toplanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmişdir. Təhsil təqaüd proqramları, heyvanların müdafiəsi istiqamətində edilən təşəbbüslər və digər sosial layihələr də bu fondun fəaliyyət sahələrinə daxildir.

Yaşıl layihələrin maliyyələşdirilməsi, ekoloji maşın kreditlərində edilən önəmli güzəştlər, ekoresursların səmərəli istifadəsi və tullantıların azaldılması kimi ətraf mühitə yönəlik layihələrin reallaşdırılması Kapital Bank-ın əsas strateji istiqamətlərindəndir. 2023-cü ildə bu layihələr çərçivəsində əldə edilmiş əsas nəticələrdən biri rəqəmsal tranzaksiyaların artmasıdır ki, bu yanaşma ilə Kapital Bank həm ətraf mühitin qorunmasına, həm də cəmiyyətin rifahına töhfə verməyə davam edir. 

Elm və təhsilin inkişafı istiqamətində edilən təşəbbüsləri də vurğulamaq istərdim. Birbaşa Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığımız çərçivəsində Respublika Fənn Olimpiadalarının əsas tərəfdaşlarındanıq. 

Sualınızın ikinci hissəsinə gəldikdə isə, "Kapital Bank"ın 2024-2026 strategiya planı artıq hazırdır və orada ESİ (ekoloji, sosial və idarəetmə) əsas strateji istiqamətlərimizdəndir. Kapital Bank olaraq biz davamlılığı strateji məqsədlərimizin əsas hissəsi kimi qəbul edirik. Mərkəzi Bank tərəfindən hazırlanmış yol xəritəsinə və yeni strategiyaya uyğun olaraq bir çox istiqamətdə təşəbbüslərimiz var və bunlar 2024-2026-cı illər üçün olan inkişaf strategiyamızda da öz əksini tapır. İlk növbədə “Dayanıqlı maliyyə təşəbbüsləri” və “Rəqəmsal maliyyə təşəbbüsləri” istiqamətlərindəki olan layihələrimizi vurğulamaq istərdim. Xüsusilə rəqəmsal maliyyə həllərinin inkişafı və innovasiyaların təşviqi ilə maliyyə xidmətlərinə əlçatanlığın artırılması istiqamətində 2021-ci ildən addımlar atmağa başlamışıq və indiyədək təşəbbüslərimizin müsbət təsirlərini alırıq. 

Bankımızın ESİ fəaliyyətləri genişləndikcə rəhbərlərimizin və əməkdaşlarımızın bu istiqamətdəki məsuliyyətləri də artmağa davam edir. Nəticə olaraq, biz ESİ prinsiplərini strateji planlaşdırma və fəaliyyətlərimizin mərkəzinə yerləşdirməklə həm rəhbərliyin, həm də əməkdaşlarımızın bu istiqamətdə daha çox təşəbbüs göstərməyini təmin edirik.   

- Bütün böyük uğurlarınızın arxasında komanda ruhu var dediniz. Bildiyimiz qədəriylə bankınızda 5 mindən çox əməkdaşınız var. Onların motivasiyasını artıraraq məhsuldarlığını necə təmin edirsiniz? 

Bu sualın cavabını son iki ildir “Great Place to Work” beynəlxalq tədqiqat və konsaltinq şirkəti tərəfindən “Mükəmməl iş yeri” sertifikatına layiq görülməyimizlə verə bilərəm. Bu mükafatı daha dəyərli edən isə əməkdaşlarımızın rəyləri əsasında əldə olunmasıdır və bizim korporativ mədəniyyətimizin və iş mühitimizin keyfiyyətini təsdiqləyir.

Əməkdaşlarımızın peşəkar və şəxsi inkişafını dəstəkləmək üçün davamlı tədris və inkişaf proqramları təklif edirik. Həmçinin, xüsusi təhsil təqaüd proqramlarımız ilə bir sıra əməkdaşlarımızın təhsil xərcləri də bank tərəfindən qarşılanır. 
Bundan əlavə, mütəmadi olaraq əməkdaşlarımızla sorğular keçirərək onların rəyləri əsasında iş mühitimizdə də təkmilləşdirmələr edirik. Bu mövzuda bankımız “açıq rəy” siyasəti tətbiq edir ki, bu da əməkdaşların fikirlərinin dəyərli olduğunu və onların iş mühitinin yaxşılaşdırılmasında rol oynadığını göstərir.

Müştəri mərkəzli xidmətdə bizi zirvələrə daşıyan əməkdaşlarımıza doğru iş mühitini yaratmaq və onları daim motivasiyada saxlamaq bizim ən əsas öhdəliyimizdir.

- Gələcək iqtisadi tendensiyaların "Kapital Bank"a necə təsir edəcəyini proqnozlaşdırırsınız və bu dəyişikliklərə hazırlıq üçün hansı addımlar atılır?

Gələcək iqtisadi tendensiyalar, xüsusilə rəqəmsallaşma, tənzimləyici dəyişikliklər və iqtisadi dalğalanmalar, əlbəttə ki, bizə də öz təsirlərini göstərə bilər, amma daha əvvəl də qeyd etdiyim kimi, həm Mərkəzi Bank tərəfindən hazırlanmış yol xəritəsi, həm də ölkəmizin gələcək iqtisadi inkişaf planı bizi gələcəyə daha çox hazır edir.  Bu dəyişikliklərə hazırlıq məqsədilə Kapital Bank bir sıra mühüm addımlar atır. İlk növbədə, rəqəmsal xidmətlərimizi genişləndirmək üçün texnologiyaya böyük investisiyalar edirik və bu, bankın rəqabətlilik qabiliyyətini qoruyub saxlamaq və müştərilərinə daha yaxşı xidmət göstərmək üçün vacibdir.

Eyni zamanda, risklərin idarə edilməsindəki təkmilləşmələri də qeyd edə bilərəm. Normativlər daxilindəki risk qiymətləndirmə alətləri və metodologiyalarını istifadə edərək bankımız mümkün riskləri daha yaxşı idarə edə bilir. Bu, bankın maliyyə sabitliyini təmin etmək və iqtisadi dalğalanmalara qarşı dayanıqlığını artırmaqda önəmli əhəmiyyət daşıyır.

Bankımız, həmçinin müxtəlif gəlir mənbələrinə fokuslanır. Ənənəvi bank xidmətlərindən asılılığı azaltmaq üçün məhsul çeşidini genişləndirir və yeni maliyyə məhsulları təqdim edir. Bu yanaşma bankın iqtisadi dəyişikliklərə qarşı daha dayanıqlı olmasını və müştərilərinə daha geniş xidmət spektri təqdim etməsini təmin edir. 

- Sonda bank sektorunda karyera qurmaq istəyən gənclərə  və müştərilərinizə nələr demək istərdiniz? 

Bu sahədə karyera qurmaq istəyən gənclərimizə, hətta gələcək həmkarlarımıza tövsiyəm daim öyrənməyə və yeniliklərə açıq olmaqdır. Maliyyə sektoru sürətlə dəyişən və inkişaf edən bir sahədir. Bu səbəbdən müvəffəqiyyət əldə etmək üçün adaptasiya qabiliyyətinizi inkişaf etdirməli, texnoloji yenilikləri yaxından izləməli və müxtəlif ehtiyaclara eyni anda cavab verə biləcək həllər yaratmalısınız. Liderlik təkcə komandanı idarə etmək deyil, həm də ilham vermək, motivasiya etmək və birgə uğur qazanmaqdır. Kapital Bank olaraq biz daim gənc istedadları dəstəkləyir, onlara inkişaf üçün lazımi şərait yaradırıq. 

Müştərilərimizə isə demək istəyirəm ki, sizin etimadınız və dəstəyiniz bizim üçün çox önəmlidir. Biz, Kapital Bank olaraq hər zaman sizin yanınızda olmağa və ehtiyaclarınıza ən uyğun həllər təqdim etməyə çalışırıq.  

Fəaliyyətimizin hər anında, hər yeni başlanğıcda sizinlə birgə olmaq bizim üçün ən böyük dəyərdir. Bu yolda bizi hələ çox yeni başlanğıclar və uğurlar gözləyir!