Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Hacı Baba oğlu Salayevin zərərçəkmiş qismində tanındığı məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Tural Nəcəfovun vəkili çıxış edib və müvəkkilinin işlədiyi dövrdə kifayət qədər işlər gördüyünü məhkəmənin nəzərinə çatdırıb. Təqsirləndirilən şəxs bu zamana kimi Azərbaycanda 1206 lift quraşdırdığını qeyd edib: "Mən pandemiya düşdüyündən bu vəziyyətə düşdüm. Mən o zaman dövlət tərəfindən xaricə göndərilən 50 tələbədən biri olmuşam. Mənim hazırkı vəziyyətimi nəzərə almağınızı sizdən xahiş edirəm".
Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Tural Nəcəfov CM-nin 178.3.2-ci maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihamda deyilir ki, müttəhim Tural Nəcəfov özünü tikinti sahəsində fasad şüşələrinə xidmət avadanlığının, turniketlərin xarici ölkələrdən gətizdirməklə quraşdırılması sahəsində çalışan geniş təcrübəyə, işgüzar əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edib.
O, Dövlət Gömrük Komitəsinin İnfrastrukturun İnkişafı İdarəsinin rəisi Abuzər Məmmədovun, sabiq deputat Hacı Salayevin və digərlərinin inam və etibarını qazana bilib. Nəticədə fasad xidmət avadanlığının alınaraq “Azərterminalkompleks” Birliyinə verilməsi ilə bağlı 265 min manatlıq müqavilə imzalayıb. Bundan başqa T.Nəcəfov Dövlət Gömrük Komitəsinin (DGK) inşası davam edən yeni inzibati binasına turneketlər quraşdıracağını da vəd edib. “Gerlift Group” MMC ilə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi arasında 146 min manat civarında kommersiya müqaviləsi bağlanılıb. T.Nəcəfov sözügedən vəsaiti təyinatı üzrə xərcləməyib, öz şəxsi ehtiyaclarına sərf edib. Bununla da Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə 412 min manat ziyan vurub.
Digər zərərçəkmişlər də eyni üsulla aldadılıb.
Təqsirləndirilən şəxs eks-deputat Hacı Salayevin Yasamal rayonu, H.Cavid küçəsində yerləşən beşmərtəbəli fərdi yaşayış evinə Almaniya istehsalı olan liftin xaricdən sifarişi üçün 157 min 916 manatlıq müqavilə imzalayıb. Lakin vədinə əməl etməyib, eks-deputatın pulunu ələ keçirib.
Qeyd olunan əməllərinə görə, T.Nəcəfova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Seymur Əli