"Yeni mövsümün ilk ev oyununa çıxırıq. Çox təhlükəli komandaya qarşı oynayacağıq. "Makkabi" əla komandadır".
"Unikal" qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Makkabi" ilə cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis səfərdə 3:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, yenə də İsrail klubunun favorit olduğunu bildirib: "Səfərdəki qələbəyə baxmayaraq, onları cütümüzün favoriti hesab edirəm. Mübarizəmizin birinci mərhələsi bitdi, sabah ikincisi olacaq. İrəliləmək üçün daha da yaxşı oynamalıyıq. Əgər görüşün ilk dəqiqələrindən müdafiə haqda fikirləşsək, bizim üçün pis olar".
Baş məşqçi futbolçularının eyforiyaya düşəcəyindən qorxmadığını qeyd edib: "Bütün həftə bu barədə komandaya danışmışam. Demişəm ki, eyforiyaya qapıla bilməzsiniz. Karyeramda belə hallar olub. Biz hər şeyi başa düşürük. Bizi çətin oyun gözləyir, amma buna hazırıq. Davam etmək üçün hər şey etməliyik".
Renduliç komandanın sabiq oyunçusu Aleksey Kaşukun Bakıya “Sabah”la danışıq üçün gəlmədiyini də bildirib: "O,, bizim maraq dairəmizdə deyil. Bizim başqa işlərimiz var".
"Sabah"ın çalışdırıcısı Konfrans Liqasındakı hədəfləri haqda sualı da cavablandırıb: "İndidən göydə uçmayaq, ayaq üstə möhkəm dayanmalıyıq. İndi əsas odur ki, sabah yaxşı çıxış edək və yalnız bundan sonra növbəti rəqibimiz haqqında düşünəcəyik. Hər şeyi addım-addım etməliyik".
Qeyd edək ki, avqustun 1-də "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Makkabi" qarşılaşmas saat 20:00-da başlayacaq.