Kembric, Bristol və Edinburq universitetlərinin alimləri müəyyən ediblər ki, COVID-19-a qarşı peyvənd infarkt və insult hallarını azaldır.
"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri "Nature Communication" jurnalında dərc olunub.
Tədqiqatçılar İngiltərədə 2020-ci ilin dekabrından 2022-ci ilin yanvarına qədər toplanmış 46 milyon böyüklərin sağlamlıq məlumatlarını təhlil ediblər. Onlar COVID-19 peyvəndindən sonra ürək-damar xəstəliklərinin tezliyini araşdırıb, onu peyvənddən əvvəl və peyvənd olunmamış şəxslər arasında insident məlumatları ilə müqayisə ediblər. Alimlər diqqəti arterial və venoz tromboz, infarkt, insult və ağciyər emboliyası hallarına yönəldiblər.
Nəticələr göstərir ki, dərmanın ilk dozasını qəbul etdikdən 13-24 həftə sonra infarkt 10% azalıb. "AstraZeneca" ilə gücləndirici peyvəndləmə insidenti daha 27%, "Pfizer /BioNTech" isə 20% azaldıb. Qeyd edilir ki, COVID-19-a qarşı peyvənd də venoz tromboz hadisələrinin sayını azaldır.
Əlavə tədqiqatlar vaksinlə əlaqəli ürək-damar ağırlaşmalarının nadir hallarını müəyyən etmişdir. Söhbət mRNT peyvəndlərindən sonra miokardit (ürək əzələsinin iltihabı) və perikarditdən (ürəyin xarici qişasının iltihabı) gedir. "Adenovirus" peyvəndləri bəzən trombotik trombositopeniyaya (kiçik damar trombozu) səbəb olur. Bununla belə, peyvəndlə bağlı yeni ciddi ürək-damar ağırlaşmaları aşkar edilməmişdir.
Gülayə Mecid