Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Cəfər Cabbarlı küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişmədən Əlibəy Hüseynzadə küçəsi ilə kəsişməyə qədər) hərəkət zolaqlarının təşkil edilməsini yekunlaşdırıb.
"Unikal" agentliyə istinadən xəbər verir ki, həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
Cəfər Cabbarlı küçəsində 7 müntəzəm marşrut xətti üzrə 102 ümumi istifadədə olan avtobus fəaliyyət göstərir ki, həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 75000-dən çox sərnişin daşınır.
"Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək", - deyə AYNA bəyan edib.