Avqustun 1-də Lənkəran şəhəri ilə ABŞ-nin Monterey şəhəri arasında mövcud olan “qardaşlaşmış şəhərlər” əlaqələri çərçivəsində Lənkəran rayonunun İstisu qəsəbəsində salınmış “Dostluq Parkı”nın açılışının bir iiliyi ilə bağlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra hakimiyyətinin (ŞİH) başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri xanım Ülviyyə Əliyevaya, ABŞ-nin Azərbaycandakı səfirliyinin ictimai işlər üzrə attaşesi Melissa Şauqnessi, Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric və Azərbaycan Diplomatik Akademiyasının (ADA) müəllimi Şəfəq Mehralıyeva iştirak ediblər.
Çıxış edən natiqlər bildiriblər ki, 2011-ci ildən qardaşlaşan Lənkəran-Monterey şəhərləri arasında ötən müddət ərzində qarşılıqlı əlaqələrin hərtərəfli dinamik inkişafı daim diqqət mərkəzində olub, münasibətlərin daha da yaxınlaşması üçün mütəmadi ünsiyyət saxlanılıb.
Qeyd olunub ki, adət-ənənələrin, mədəni münasibətlərin, iqtisadi əlaqələrin, habelə Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasında şəhərlərin qardaşlaşmasının mühüm rolu var, şəhərlər arasındakı qarşılıqlı əlaqələrin hərtərəfli dinamik inkişafı və toplumlar arasındakı yaxınlaşma Azərbaycan diasporunun fəaliyyətinə müsbət təsir göstərir və Lənkəranla Monterey şəhərlərinin əlaqələrin davamlılığı və inkişafı bu baxımından nümunə təşkil edir.
Çıxışlardan sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Nənələr” xalq folklor kollektivinin və Mərkəzin solistlərinin ifasında bədii hissə baş tutub, bir-birindən maraqlı ifalar təqdim olunub.