Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Niderland Krallığının Rotterdam şəhərində yaşayan, Benilüks Azərbaycanlıları Konqresinin sədr müavini, rəssam Rasim Hüseynovu qəbul edib.
"Unikal" xəbər verir ki, qonağı salamlayan Komitə sədri Niderlandda yaşayan soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliğ olunması, zəngin mədəni irsimizin və mədəniyyətimizin tanıdılması istiqamətindəki fəallığını yüksək qiymətləndirib. Hər iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında diasporun özünəməxsus yeri olduğunu vurğulayıb. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olduğunu qeyd edib.
Fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını ifadə edən Rasim Hüseynov Niderlanddakı soydaşlarımızın ölkəmizdə gedən prosesləri yaxından izlədiyini, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəklədiyini bildirib. Qonaq, ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı və diasporumuzun fəaliyyətinin daha mütəşəkkil təmin olunması naminə səylərini davam etdirəcəyini söyləyib.
Görüşün sonunda Rasim Hüseynova Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.
Qeyd edək ki, Rasim Hüseynov Avropada keçirilən rəsm sərgiləri ilə Azərbaycan mədəniyyətini təbliğ edir. 1988-ci ildən bəri əsərləri 100-dən çox beynəlxalq sərgidə yer alıb. Hollandiyanın Amsterdam, Utrext və Haaqa şəhərlərində, eləcə də qonşu Almaniyada 30 müxtəlif sərgidə əsərlərinümayiş etdirilib.