Banqladeşin keçmiş baş naziri Şeyx Hasinanın “Avami Liqası” partiyasının 29 üzvünün respublikanın müxtəlif şəhərlərində meyiti tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.

"Avami Liqası"nın 10 tərəfdarı Şeyx Hasinanın baş nazirlikdən istefa verməsi və ölkəni tərk etməsi xəbərindən sonra Satkhira şəhərindəki hücumlarda öldürülüb. Partiyanın liderlərinə və fəallarına məxsus ev və iş yerləri  talan edilib.

Cumilla şəhərində keçmiş baş nazirin partiyasının 11 üzvü etirazçı kütlənin hücumu nəticəsində həlak olub. Hücumçuların "Avami Liqası"nın rayon şöbəsinin keçmiş məsləhətçisinin üç mərtəbəli evini yandırması nəticəsində daha 6 nəfər ölüb.

Ölənlər arasında partiya fəallarının ailə üzvləri, o cümlədən uşaqlar da var.

Bazar ertəsi iğtişaşlar fonunda Şeyx Hasina istefa verib və ölkəni tərk edib, etirazçılar onun iqamətgahına basqın ediblər və Banqladeşdə geniş yanğın və talanlar başlayıb. Respublika ordusunun komandanı Vaqer-Uz-Zaman müvəqqəti hökumətin qurulduğunu elan edərək, vətəndaşları asayişi qorumağa çağırıb. Banqladeşdə iğtişaşlar başlayandan bəri ən azı 10 min adam həbs edilib. İyul ayından bəri etirazlar zamanı ölənlərin sayı polis əməkdaşları da daxil olmaqla 350 nəfəri keçib. 

Gülayə Mecid