Bakı Mühəndislik Universitetinin (BMU) 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə tələbə qəbulu planında bir sıra önəmli yeniliklər öz əksini tapıb. Bura plan yerinin artımı və yeni ixtisasların açılması, o cümlədən bakalavriat səviyyəsi üzrə ilk dəfə qiyabi təhsil formasının təşkili daxildir.

"Unikal" xəbər verir ki, bu il BMU-ya ümumilikdə 36 ixtisas üzrə qəbul aparılır və həmin ixtisaslarla daha ətraflı şəkildə aşagıdakı link vasitəsilə tanış olmaq mümkündür:  (https://beu.edu.az/az/page/bakalavr-40)

Ayrılan yerlərdən 1540 yer Azərbaycan bölməsi (əyani), 220 yer qiyabi təhsil forması, 525 yer isə ingilis bölməsi (əyani) üçün planlaşdırılıb. 

Həm əyani, həm də qiyabi təhsil formasında qəbul aparılan ixtisasların sırasına “İnformasiya texnologiyaları”, “Şərabçılıq”, “Nəqliyyatda servis” (avtomobil nəqliyyatı üzrə), “Beynəlxalq ticarət və logistika”, “Biznesin idarə edilməsi”, “Dövlət və bələdiyyə idarəetməsi”, “İqtisadiyyat”, “Maliyyə”, “Marketinq” və “Mühasibat” daxildir. 

Qəbul planına bakalavriat səviyyəsi üzrə əlavə edilən yeni ixtisaslar sırasında isə “Biotexnologiya”, “Fizika”, “Kimya”, “Riyaziyyat”, “Nəqliyyat mühəndisliyi”, “Qida mühəndisliyi” və “Şərabçılıq” yer alır. 

Bakalavriat səviyyəsində ingilis dilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə həyata keçirilir. “Memarlıq” və “Dizayn” ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb.

Qeyd edək ki, bu gündən bütün qruplar üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi başlayıb. İxtisas seçimi avqustun 19-dək davam edəcək.