Həftələr ərzində yağan yağışlar Şimali Koreyada güclü daşqınlara səbəb olub. Ölkənin Çinlə sərhəd yaxınlığında yerləşən bir sıra rayonunu su basıb.
"Unikal" xarici mətbuata istinadla xəbər verir ki, KXDR-in lideri Kim Çen In həmin rayonlarda olub.
Cənubi Koreyanın qiymətləndirmələrinə görə, 1500-dən çox insan həlak olub və itkin düşüb.
Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına əsasən, 4 mindən çox ev təsərrüfatına, o cümlədən Sinıcu sərhəd şəhəri boyunca təxminən 3 min hektar əkin sahəsinə ziyan dəyib.
Şimali Koreya böyük miqdarda meşələrini qırır və buna görə də daşqınlara xüsusilə həssasdır. Fəlakətin tam miqyası məlum deyil. Şimali Koreya dəymiş ziyanın həcmi barədə dəqiq məlumat verməyib.