Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt ərazisində yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunelləri və tunel daxili yol elementlərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılır.
"Unikal" xəbər verir ki, hazırda bu çərçivədə təmizlik işləri Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən avtomobil tunelində (“Şamaxinka tuneli”) aparılır.
Sözügedən işlər zamanı tunellərin giriş-çıxışları, məhəccərlər, yan divarları, tuneldaxili yol nişanları, işıq əksetdiricilər, əyrixətli dəmir tirlər və bordür hissələri xüsusi təyinatlı maşınlar vasitəsi ilə təzyiqli su verilərək yuyulur.
Sadalanan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.
Sürücülərdən xahiş olunur ki, iş aparılan ərazilərdə diqqətli olsunlar, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etsinlər.